• SİYASƏT

    12:52 17 may 2019

Vitse-spiker: “Britaniyanın xarici işlər naziri bir söz, səfiri başqa söz deyir”

“2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsi, sonra Avropa Oyunları və digər tədbirlər keçiriləndə Azərbaycanın imicinə, apardığı siyasətə kölgə salmağa çalışıblar”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında vitse-spiker Ziyafət Əsgərov söyləyib.

Z.Əsgərov deyib ki, Azərbaycan öz inkişafı ilə buna cavab verib və verəcək: “Siyavuş Novruzov da çıxışında dedi ki, necə olur, Azərbaycana təyyarələr gələndə havada problem olur. Həqiqətən də bu, yersiz arqumentdir. Belə hallar gələcəkdə olacaq, ancaq karvan öz işindədir. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə qorunur. Xalqımız Prezident, Ali Baş Komandanın ətrafında sıx birləşib. Burada heç bir narahatlığa ehtiyac yoxdur”.

Vitse-spiker bildirib ki, XİN-in qalmaqallı bəyanatından sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri deyib ki, Azərbaycanda hər şey qaydasındadır: “Xarici işlər naziri bir söz, səfiri başqa bir söz deyir. Beynəlxalq hüquq işləsəydi, hamı yerində oturdulsaydı, belə hallar olmazdı. Necə olur ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə qəbul edib, hələ də icra olunmur. İndi bunlar açıq deyə bilmirlər ki, Azərbaycan, sən İslam ölkəsi olduğun üçün inkişaf etməyini istəmirik. Hamı çəkici bir yerə vurmalıdır. Heydər Əliyev həmişə deyirdi ki, müstəqilliyi elan etmək asan, onu qorumaq çətindir. Bu kimi məsələlərə hər zaman münasibətimizi bildirməliyik”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR