• SİYASƏT

    13:29 15 aprel 2020

Vitse-spiker: “Milli maraqlara qarşı çıxan bu qruplar xalqa düşmənçilik yolunu seçirlər”

“Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən günkü müşavirədə səsləndirdiyi fikirlər ölkədə bütün sahələrlə yanaşı, qanunverici orqanda da aparılan islahatların, iqtidarın təşəbbüsü ilə başlanan siyasi dialoqun növbəti mərhələsinin və bunun bütün sahələrdə əksini tapmasının ali səviyyədə prinsipiallığından xəbər verir. Cənab prezident bu çıxışı ilə buna qarşı kampaniya aparan daxildəki və xaricdəki düşmənləri də növbəti dəfə ifşa etdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin I vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə. Hüseynli qeyd edib ki, Prezident növbəti və dərin arqumentlərə söykənən çıxışı ilə bir daha ölkədə aparılan demokratik islahatların növbəti əhatəli dalğasının prinsipallığını bəyan edib: “Bununla ölkə başçısı bir daha bəyan etdi ki, baxmayaraq, bizim də bir parçası olduğumuz dünyanı pandemiya bəlası bürüyüb, bu səbəbdən ölkələr ciddi problemlə üz-üzədir, amma bu, Azərbaycanda aparılan islahatlara heç bir təsir göstərə bilməz. Cənab Prezidentin də bildirdiyi kimi, bu gün Azərbaycanda müxalifət partiyaları ilə birgə təmsilçilik fonunda yeni siyasi mühit və demokratik prinsiplərə söykənən islahatlar dalğasının növbəti mərhələsini yaşayırıq. İnzibati orqanlarda aparılan köklü yeniliklər, hökumətdə baş verən köklü islahatlar, o cümlədən Milli Məclisin qanunverici orqan kimi tam olaraq yenilənməsi Azərbaycanda güclü demokratik, münbit siyasi mühitdən xəbər verir. Ölkə başçısı bir daha açıq ifadə etdi ki, Azərbaycan hakimiyyəti bütün müxalif partiyalara dövlətçilik, milli maraqlar naminə siyasi dialoq təklif edib və bunun hələ başlanğıc olduğunu qeyd etdi. Biz görürük ki, iqtidarın bu təşəbbüsü əksər müxalif partiyalar və bütün vətəndaş cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bu dialoqdan imtina edənlər isə təbii ki, milli maraqlarımızın və dövlətçiliyimizin düşmənləridir ki, onlar bu təşəbbüsə qarşı verdikləri mənfi cavabla bunu bir daha isbat etmiş oldular. Onlar artıq siyasi qüvvə yox, antimilli, məkrli qruplardırlar. Xalq, ölkə ictimaiyyəti bunun bir daha şahidi oldu. Şahid oldular ki, bu qruplar nəinki radikal müxalifət, açıq sözlə desək, xalqın düşmənidirlər. Bu qrupların əsas məqsədi demokratik islahatlar və siyasi dialoq yox, hansısa qüvvələrin sifarişi ilə ölkədə anarxiya, xaos yaratmaqdır. Hansı ki, onlar müstəqilliyin ilk illərində belə ağır günləri Azərbaycan xalqına yaşadıblar. Azərbaycan xalqı o vaxt iki düşmənlə üz-üzə idi: Qarabağda erməni silahlıları, Bakıda isə xalqa qarşı silahdan istifadə etməkdən belə çəkinməyən bu qruplar. İndi də onlar ölkədə geniş vüsət alan siyasi dialoqa, buna qoşulan çoxsaylı müxalif qüvvələrə qarşı çirkin kampaniya aparmaqla, milli maraqlara qarşı çıxmaqla sahiblərinin növbəti çirkin sifarişlərini yerinə yetirirlər. Məqsəd aydındır: Azərbaycanda demokratik mühitə zərbə vurmaq, xaos yaratmaq. Bunlar bu dərəcədə bu xalqa qənim kəsiliblər. İndi daxildəki bu düşmənlərin növbəti dəfə fürsəti olmayacaq. Çünki artıq güclü və inkişaf etmiş Azərbaycan dövləti, öz prezidenti ətrafında böyük inamla birləşən xalq var. Artıq əksəriyyət və həqiqi demokratik prinsipləri meyar seçən müxalifət də bu qrupların xalq düşməni olduğunu aydın görür. Hesab edirəm həqiqi müxalifət, ümumiyyətlə ölkə ictimaiyyətinin aparıcı nümayəndələri də milli maraqlar naminə bu qruplara qarşı sərt mövqe ortaya qoymalıdırlar”.

Ə. Hüseynli bildirib ki, dünyadakı karantin rejimindən istifadə edib Azərbaycana qarşı daxildəki bu qruplardan istifadə edərək məkrli planlar həyata keçirmək istəyənlər məqsədinə çatmayacaq. O qeyd edib ki, artıq Azərbaycan 30 il əvvəlki deyil, güclü dövlətdir: “Bu gün dünyada baş verən pandemiya təhlükəsi fonunda Azərbaycanın atdığı addımlar və dövlət quruculuğu, hökumət islahatları və qanunverici orqanda aparılan prinsipial islahatlar dünyanın əksər inkişaf etmiş ölkələri üçün nümunə çəkilir. Bütün bunlar məhz Azərbaycan Prezidentinin prinsipial, güclü siyasi iradəsinin nəticəsidir. Azərbaycan xalqının da cənab prezidentin ətrafında günü gündən sıx birləşməsinin da mahiyyətini məhz bu siyasi iradə təşkil edir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR