Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə münasibət bildirib.
APA-nın xəbərinə görə, L. Abdullayeva bildirib ki, Fransa Milli Assambleyasının üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir.
“O, qatı anti-Azərbaycan mövqeyi ilə seçilir. Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır. Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri, Sarsel şəhərinin nümayəndəsinə qarşı da Azərbaycana giriş qadağası tətbiq ediləcək. Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir”, - deyə XİN rəsmisi vurğulayıb.