Xarici işlər naziri Elmar Məmmədyarov 27 sentyabr 2019-cu il tarixində BMT-nin baş katibi Antoniu Quterreş ilə görüşüb.
APA xəbər verir ki, baş katib Azərbaycanda həyata keçirilən daxili islahatları alqışladığını vurğulayaraq, səmimi salamlarının və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.
Nazir Elmar Məmmədyarov səmimi qəbula görə baş katibə minnətdarlığını bildirib. O bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünə istinad edərək, baş katibi bu tədbirdə iştirak etməyə dəvət edib.
Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan tənzimləmə prosesinin cari vəziyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda iki ölkənin xarici işlər nazirləri arasında keçirilən ən son görüş barədə baş katibə ətraflı məlumat verib. Münaqişənin həlli üzrə beynəlxalq ictimaiyyətin mövqeyini, ilk növbədə isə Təhlükəsizlik Şurasının qətnamələrini xatırladan nazir, Azərbaycanın işğal edilmiş torpaqlarının boşaldılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması tələbinin Ermənistan tərəfindən yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb.
A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd edib və BMT-nin sülh prosesinin inkişafına hər zaman töhfə verməyə hazır olduğunu bildirib.
Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar. Görüşün sonunda nazir Elmar Məmmədyarov BMT-nin Fəxri Qonaqlar Kitabını imzalayıb.