• SİYASƏT

    11:03 9 dekabr 2019

Xələf Xələfov: "Azərbaycanla Gürcüstan arasında sərhədin delimitasiyası ilə bağlı müəyyən fikir ayrılıqları var"

Azərbaycan və Gürcüstan arasında sərhədin delimitasiyasına dair ekspertlərin növbəti görüşünün bu ilin sonunadək Tbilisidə keçiriləcəyi gözlənilir.

ONA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, burada nəinki əldə olunan materiallar, yerlərdə aparılan son müşahidələr və araşdırmalar nəzərdən keçiriləcək, eyni zamanda bəzi arxiv materiallara yenidən baxılacaq.

"Bildiyimiz kimi, Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin 2/3 hissəsini razılaşdırmağa müvəffəq olmuşuq, 1/3 hissəsi isə qalmaqdadır. Burada müəyyən fikir ayrılıqları var, müəyyən sənədlərin baxılmasına yenidən ehtiyac yaranıb. Ekspertlər sıx və ardıcıl görüşlər keçirirlər. Son görüş iki ay öncə baş tutub. Biz ekspert görüşlərinin davam etdirilməsi razılığına gəldik ki, bizim növbəti iclasın keçirilməsində artıq müəyyən irəliləyişlər olsun. Çünki əvvəlki görüşlərdə irəliləyişlərə nail ola bilməmişdik, ona görə ki, razılaşdırılacaq məsələlərdə açıq yerlər var idi, bunların üzərində işlər davam etdirilməlidir", - deyə X. Xələfov qeyd edib.

O həmçinin əlavə edib ki, delimitasiyanı aparmaq üçün əsas olacaq hüquqi faktlar və sənədlər tam tutuşdurulmalıdır.

"İnanıram ki, bu ilin sonuna qədər ekspertlərin görüşü baş tutacaq. Çalışacağıq, gələn ilin I rübündə komissiyanın növbəti iclasını keçirək və müəyyən nəticələr əldə edək", - deyə X. Xələfov əlavə edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR