Ermənistan Xarici İşlər Nazirliyi (XİN) 10 mart tarixində bəyanatla çıxış edərək, Azərbaycanı Ermənistanla dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə, regional sülh və təhlükəsizliyə hədə təşkil etməkdə ittiham edib.
ONA xəbər verir ki, Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva məsələyə münasibət bildirib.
“Öncə bir məsələyə aydınlıq gətirək, bu bəyanatı kim verir? Bu açıqlama Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını hərbi işğal edib bu ərazilərdəki azərbaycanlıları qanlı etnik təmizləməyə məruz qoyan işğalçı ölkənin XİN-in dilindən səslənir. Bu bəyanatlar son həftələr ərzində Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan sərhədçi əsgərlərimizi məqsədyönlü şəkildə qətlə yetirən Ermənistan Respublikasına aiddir.
Ermənistan tərəfi mövcud reallığı düzgün dərk etməli və beynəlxalq ictimaiyyətin, o cümlədən BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərini tam, dərhal və qeyd-şərtsiz boşaldılması, yerli azərbaycanlıların öz evlərinə geri qayıtmasının təmin olunması tələblərini yerinə yetirməlidir. Azərbaycanın ədaləti və beynəlxalq tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edəcəyindən heç kəs şübhə etməsin”, - deyə XİN rəsmisi vurğulayıb.