Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşi nəticəsində mülki şəxsin həlak olması ilə bağlı açıqlama yayıb.
ONA-nın məlumatına görə, açıqlamada bildirilir:
14 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub.
Ermənistan tərəfindən azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir.
Ermənistan silahlı qüvvələri, yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutmaqla yanaşı, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurur.
Bu kimi əməlləri ilə Ermənistan beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur.
Ermənistanın hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə və azərbaycanlı mülki şəxslərin Ermənistanın məqsədyönlü qanlı təxribatının qurbanı olması faktına beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə və Ermənistanın bu qanunsuz əməllərini qınamağa çağırırıq.
Azərbaycanlı mülki şəxsin qətl edilməsinin məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.