• SİYASƏT

    15:54 30 avqust 2019

XİN: İsrail dronlarının İraq və İrana hücum məqsədilə Azərbaycana gətirilməsi barədə məlumatlar dezinformasiyadır

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı məlumatlara dair açıqlama ilə çıxış edib.

ONA-nın məlumatına görə, L. Abdullayeva bu məlumatların tamamilə əsassız olduğunu bəyan edib: "Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir. Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır".

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi də bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İran və İraqa hücum etmək üçün İsrail dronlarının Azərbaycana gətirilməsi ilə bağlı yayımlanan məlumatlara münasibət bildirərək, belə məlumatların heç bir əsasının olmadığını bəyan edib: “Bu, yalandır və dezinformasiya məqsədilə ilə yayılıb”.

Qeyd edək ki, bəzi xarici media resurslarında “Haşd əl-Şaabi” (Xalq səfərbərlik bölmələri) qruplaşmasının komandiri Əbu Mehdi Əl-Mohandisin itiihamları yer alıb. Həmin ittihamlarda Əbu Mehdi Əl-Mohandis ABŞ-ı İsrail dronlarını İraq və İranı hədəf almaq üçün Azərbaycana yeritməkdə günahlandırıb: “Donald Tramp İraqın suverenliyini pozmağın müxtəlif yollarını nəzərdən keçirir. Amerikalıların ABŞ donanmasının tərkibində 4 İsrail dronunu hazırlayaraq Azərbaycan üzərindən İraqın hərbi qərargahlarını hədəf almasını həyata keçirməsi barədə bizdə dəqiq və təsdiqlənmiş məlumat var”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR