• SİYASƏT

    13:35 11 oktyabr 2021

XİN: Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək

“Əfsus ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin Livanın Əl-Manar televiziya kanalına müsahibəsində Azərbaycanla bağlı söylədiklərinə münasibət bildirərkən deyib.

“Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb”, - deyə XİN rəsmisi vurğulayıb.

O xatırladıb ki, Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100.000 dən artıq Orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur.

Təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməmiş və müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmamışdır.

Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır.

Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib”, - XİN rəsmisi vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR