Azərbaycan NATO Sülh Naminə Tərəfdaşlıq proqramının prinsiplərinə əsaslanmaqla, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, meydana gələn təhlükəsizlik təhdidlərinə qarşı mübarizə və əsas vurğusu təhlükəsizlik və müdafiə islahatlarına yönələn geniş spektrli məsələlər üzrə siyasi dialoq və praktiki əməkdaşlıq həyata keçirir.
ONA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin NATO baş katibinin Azərbaycanla bağlı verdiyi açıqlama ilə bağlı şərhində deyilir.
Bildirilir ki, Azərbaycan 2003-cü ildən başlayaraq NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatına töhfə verir: “Hazırda Azərbaycanın 6 nəfər qərargah zabiti və 2 nəfər hərbi həkim olmaqla 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının tərkibində xidmət edir. Azərbaycan NATO-nun Əfqanıstanda sülhü bərqərar etmə səylərinə eyni zamanda hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir”.
Açıqlamaya əsasən, 2017-ci il oktyabrın 30-da açılışı baş tutmuş Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana multimodal daşımalar üçün geniş imkanlar yaradıb. Bakı-Tbilisi-Qars dəmir yolu Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil etməklə NATO dövlətlərinin Əfqanıstana fasiləsiz və təhlükəsizlik şəkildə daşımalar həyata keçirməsinə mühüm töhfə verir. Ələt beynəlxalq dəniz limanı bu sahədə imkanları əlavə olaraq genişləndirəcək. Uzunmüddətli perspektivdə Azərbaycan ərazisindən tranzit NATO-nun Əfqanıstandakı missiyasının təchizatı, habelə Əfqanıstanın davamlı inkişafı kontekstində mühüm əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, 2019-cu il aprelin 3-4-də Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclası keçirilib. İclas NATO-nun 70-ci ildönümünə həsr olunub. NATO-nun baş katibi Yens Stoltenberq iclas çərçivəsində mətbuata verdiyi açıqlaması zamanı Azərbaycanın alyansın yaxın tərəfdaşı olduğunu bildirib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdırıb. Baş katib Y.Stoltenberq ələlxüsus 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun alyansın “Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulayıb.