• SİYASƏT

    17:53 27 fevral 2019

Nazir BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb

BMT-nin Cenevrədəki bölməsinə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb.

XİN-dən ONA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərdən qarşılıqlı məmnunluq ifadə olunub və əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən işlərin davam etdirildiyini bildirərək, məcburi köçkünlərin probleminin dayanıqlı həllinin işğal amilini aradan qaldıraraq onların doğma yurdlarına qayıdışının təmin edilməsindən ibarət olduğunu vurğulayıb.

Xarici işlər naziri həmsöhbətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların gedişi barədə məlumat verib. Azərbaycanın substantiv və nəticəyə yönəlik danışıqların tərəfdarı olduğu bildirilib. Xüsusilə qeyd edilib ki, mövcud status-kvo qəbuledilməzdir və Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Eyni zamanda Elmar Məmmədyarov Ermənistanın beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq Yaxın Şərqdən erməni mənşəli qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni olaraq köçürülməsi siyasətinə diqqət yetirərək işğalçı ölkənin bu əməllərinə BMT-nin biganə qalmamasının vacibliyini ön plana çəkib.

Öz növbəsində Ali Komissar Filippo Qrandi Azərbaycan tərəfindən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının büdcəsinə ayrılmış maliyyə inanəsinə görə təşəkkürünü bildirib. O, Azərbaycanla mövcud əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, gələcəkdə bu əməkdaşlığın daha genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.

Nazir Elmar Məmmədyarov Ali Komissar Filippo Qrandini Qoşulmama Hərəkatının üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçiriləcək XVIII Zirvə Toplantısına dəvət edib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR