“Polşa Şərq Tərəfdaşlığının statusunu yüksəltmək niyyətindədir”.
ONA xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Yatsek Çaputoviç “PAP”a müsahibəsində deyib.
“Biz Şərq Tərəfdaşlığının 10-cu ildönümünü Avropa İttifaqında Avropanın daha 6 ölkəsi haqqında məlumatlılığı artırmaq üçün istifadə etmək istəyirik. Bu, həmçinin Avropa İttifaqının açıq və gənclərin mübadiləsi kimi yeni proqramlar sayəsində inkişafı dəstəkləməyə hazır olduğu mesajını ötürmək üçün imkandır”, - deyə Y.Çaputovi bildirib.
Onun sözlərinə görə, Şərq Tərəfdaşlığının statusunu yüksəltmək prosesi çərçivəsində Polşa Balkan ölkələrinin Avropa İttifaqına inteqrasiyası təcrübəsindən istifadə etmək niyyətindədir. Nazir əlavə edib ki, Şərq Tərəfdaşlığı ölkələrinin bir-biri ilə daha yaxşı əməkdaşlıq etməsi üçün Polşa bu əməkdaşlığa hüquqi status qazandırmaq istəyir: “Biz Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında nazirlər səviyyəsində görüşlər təşkil etmək istəyirik”.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı 2009-cu ildə Polşa və İsveçin birgə təşəbbüsü ilə yaradılıb. Bu layihədə Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan, Belarus və Ermənistan iştirak edir.