“Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımasına baxmayaraq, bu ölkənin müxtəlif beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəlikləri yenə də qanunsuz rejim adından müxtəlif növ sənədlər yaymaqda davam edirlər”.
ONA xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin diplomatik korpusun nümayəndələri üçün keçirdiyi brifinqdə deyilib.
“Bu qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda məqbul və qəbuledilən deyil”, - qeyd olunub.
Brifinqdə qeyd olunanların Ermənistan tərəfindən törədilmiş təxribatlar normallaşma prosesinə mənfi təsir göstərməsi də vurğulanıb: “Bu, beynəlxalq aktorların bu istiqamətdə səylərini heçə endirir. Ermənistanın məsuliyyətsiz və destruktiv davranışından irəli gələn risk və təhdidlərin adekvat şəkildə başa düşülməsi və Ermənistanı bu cür hərəkətlərdən çəkindirmək üçün müvafiq tədbirlərin görülməsi zəruridir.
Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir”.