• SİYASƏT

    18:16 13 mart 2019

XİN xarici ölkələrə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün broşür və videoçarxlar hazırlayıb

Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin həyata keçirdiyi “Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə Potensialların Gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə xarici ölkələrə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının səyahətlərinin təhlükəsiz və rahat keçməsi üçün zəruri tövsiyələrdən ibarət broşur və videoçarxlar hazırlanıb.

XİN-in mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Xarici İşlər Nazirliyinin və BMqT-nin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlmiş broşur və videoçarxların hazırlanması zamanı bir sıra xarici ölkələrin təcrübəsi, Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri, bu sahədə fəaliyyət göstərən beynəlxalq ekspertlərin rəyləri və digər spesifik amillər nəzərə alınıb.

Layihənin əsas məqsədi vətəndaşlarımıza lazımı tövsiyələrin verilməsi yolu ilə cəmiyyətimizdə “səyahət mədəniyyəti” anlayışının təşviqi və inkişaf etdirilməsidir. Belə ki, layihədə səfərdən öncə gediləcək ölkə və ya region barədə araşdırmanın aparılması, Azərbaycan Respublikası pasportundan istifadə, xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarından vizaların əldə olunması üçün müraciətlərin düzgün tərtib və təqdim olunması qaydaları, səyahət sığortasının vacibliyi və bir sıra digər məsələlərlə bağlı tövsiyələr və faydalı məlumatlar əks olunub.

"Ümid edirik ki, broşur və videoçarxlar Azərbaycan Respublikası vətəndaşları üçün xarici ölkələrə səfər zamanı daha hazırlıqlı və bilikli olmağa yardımçı olacaq, həmçinin baş verə biləcək xoşagəlməz hadisələrin nəticələrinin aradan qaldırılması üçün mühüm rol oynayacaq", - deyə XİN-dən bildirilib.

Broşür və videoçarxlar Xarici İşlər Nazirliyinin “Səyahət məlumatı” bölməsində yerləşdirilib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR