Sabirabad rayonunda “Azərbaycanda sosial məsələlər uğurla həyata keçirilir” mövzusunda regional müşavirə keçirilib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP-ın icra katibi, Baş nazirin müavini Əli Əhmədov, deputatlar, YAP-ın Şirvan şəhəri, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Beyləqan, Füzuli, Cəbrayıl və Sabirabad rayon təşkilatlarının fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əli Əhmədov müşavirədə çıxış edərək bildirib ki, sosial problemlərin həlli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi strategiyanın əsas hissəsini təşkil edir: "Prezident üçün insanların sosial rifahının yaxşılaşdırılmasından vacib məsələ yoxdur. Ölkədə həyata keçirilən siyasətin qayəsində də insan amili dayanır. Sosial siyasətin həyata keçirilməsi məhz maddi rifah bazasının yaradılmasından keçir. Maliyyə imkanları, siyasi imkanlar yaxşılaşdıqca zaman-zaman sosial siyasət də uğurla həyata keçirilir. Bunun üçün zəmin yaradılmadan sosial siyasəti həyata keçirmək xəyal olardı. Sosial islahatların məhz bu gün həyata keçirilməsinin əsasında iqtisadi imkanların artması durur".
Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov isə çıxışında səhiyyə sahəsində aparılan islahatlardan danışıb. O, yeni, müasir səhiyyə müəssisələrinin açılmasını, insanlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəlməsini sosial siyasətin uğurları kimi qeyd edib.
Tədbirdə YAP-ın qeyd olunan şəhər və rayonlar üzrə təşkilatların rəhbələr də çıxış ediblər.
Əlibəy Zeynallı