Martın 14-də VII Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
ONA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.
Dövlət başçısı ziyafətdə iştirak edən yüksək səviyyəli qonaqlarla görüşüb.
Ziyafətdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də sabiq dövlət və hökumət başçıları, tanınmış siyasi və ictimai xadimlər iştirak ediblər.
Əvvəlcə xatirə şəkli çəkdirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa ziyafətdə çıxış edərək, VII Bakı Qlobal Forumuna yüksək notda başladıqlarını bildirib: “Bu Forum cənab Prezidentin himayədarlığı ilə keçirilir. Bugünkü Forumda cənab Prezidentin nitq söyləməsi bizə böyük şərəf vermişdir. Hesab edirəm ki, hamımız Azərbaycanda bizə göstərilən qonaqpərvərliyi yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycanda əvvəllər heç vaxt olmayan sizlərin bir çoxu bunu böyük məmnunluqla kəşf etmisiniz. Lakin bu gün Bakı Forumunda yenidən iştirak etmək üçün Azərbaycana gələn çoxlu dostlarımız var. Prezident İlham Əliyevə cansağlığı, xoşbəxtlik, xalqının lideri kimi davamlı uğurlar arzu edirik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin komandası adından xüsusi minnətdarlıq əlaməti olaraq biz Prezidentə çox xüsusi bir hədiyyəni təqdim etmək istəyirik. Ukraynalı rəssam sizin də sevdiyiniz dahi şair Nizami Gəncəvinin “Xəmsə”sindən bir əsər yaratmışdır. İstərdik ki, bu hədiyyəni bizim bütün komandamız adından Sizə təqdim edək”.
Hədiyyə dövlət başçısına təqdim edilib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib: “Belə dəyərli hədiyyəyə görə çox sağ olun xanım Prezident, cənab Serageldin. Bir daha verdiyi töhfələrə görə həmsədrlərə, bizim inanılmaz həmsədrlərə, xanım Prezident Vike-Freyberqaya və cənab İsmayil Serageldinə təşəkkürümü bildirmək istəyirəm. Bu səhər bunun haqqında danışdım və hər gün bunun haqqında danışa bilərəm, çünki bu, həqiqətdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir çox marağa səbəb olan, bir çox intellektualları cəlb edən aparıcı qlobal beynəlxalq təşkilata necə çevrilməsini görmək möhtəşəmdir. Bizim Forumumuzun intellektual səviyyəsi ildən-ilə artır. Bu tədbirdə lap əvvəldən iştirak edən insanlar kimi, biz əlbəttə ki, bunu söyləyə bilərik. Bu gün bu Forumun dünya xəritəsində çox mühüm yeri var və Forum hələ də inkişaf prosesini yaşayır. Bir neçə gün bundan əvvəl İdarə Heyətinin üzvləri ilə müzakirə etdiyimiz kimi, bu Forumun daha da genişlənmək potensialı var. Bu Forumun dinamizmi var, bu Forumun enerjisi var. Bu gün bizim aramızda olan gənc liderlər bu Foruma əlavə enerji verirlər. Bu zala daxil olmadan öncə dostlarımızla bu Forumun xüsusi özəlliyinin nədən ibarət olduğunu müzakirə edirdik. Mən dedim ki, Forumu həqiqətən cəlbedici və məhsuldar edən panellərdə çox qızğın diskussiyaların aparılmasına, fikirlərin toqquşmasına, fikir ayrılıqlarına baxmayaraq, biz, eyni zamanda, birliyi də görürük. Biz kollektiv işi görürük. Forumda müntəzəm iştirak edən insanlar, dövlət başçıları, sabiq dövlət başçıları var. Eyni zamanda, Azərbaycana ilk dəfə səfər edən yeni dostlarımız var. Hesab edirəm ki, bu birlik ruhu Forumumuzun ən əsas özəlliklərindən biridir. Əminəm ki, Azərbaycana ilk dəfə səfər edənlər ölkəmizə yenidən qayıtmağı qərarlaşdıracaqlar. Biz həmişə yeni dostları görməyə və köhnə dostlarımızı qarşılamağa şadıq. Beləliklə, hamınıza uğurlar arzulayıram. Bizimlə bir arada olduğunuz üçün çox sağ olun. Forum həmişə bizim hamımız üçün dinamik, intellektual bir platforma olacaq. Çox sağ olun”.
Yeddinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq yeddinci dəfədir baş tutur. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən budəfəki Forumda qlobal siyasətin dəyişməsində böyük güclərin rolu, davamlı inkişaf çağırışları, təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı, müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu və digər mühüm məsələlər müzakirə edilir.
***
20.55
Martın 14-də VII Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
ONA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.