• SİYASƏT

    13:40 19 aprel 2020

Yeddiqat dünya və Avropa çempionundan Prezidentə məktub: “Siz Azərbaycan kimi böyük bir ailəyə başçılıq edir, bu ailənin heç bir üzvünü unutmursunuz”

Yeddiqat dünya və Avropa çempionu Rüstəm Musayev Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

APA-nın məlumatına görə, R. Musayev məktubunda qeyd edib ki, idmançılar dövlət başçısının apardığı daxili və xarici siyasəti tam dəstəkləyib və dəstəkləyəcək. Bunun səbəbi isə Azərbaycan xalqının xoşbəxt və firavan yaşaması, həmçinin sağlamlığının qorunması üçün Prezidentin yorulmadan çalışmasıdır.

R. Musayev yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Biz idmançılar Sizin apardığınız daxili və xarici siyasəti tam dəstəkləmişik və dəstəkləyəcəyik. Sizi dəstəkləməyimizin səbəbi Azərbaycan xalqının xoşbəxt və firavan yaşaması, həmçinin sağlamlığımızın qorunması üçün yorulmadan çalışmağınızdır. Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Sizin tərəfinizdən uğurla davam etdirilməsinin nəticələridir. Bu uğurlu siyasətin davamlı olması üçün Sizin kimi dövlət başçısına çox ehtiyacımız var. Sizin yüksək vətənpərvərliyiniz, xalqımıza bağlılığınız, möhkəm iradəniz, uzaqgörən dövlət xadimi olmağınız, həyata keçirdiyiniz layihələrin və apardığınız islahatların xalqımızın maraqlarına xidmət etməsi bizləri sevindirir və gələcəyə ümidlərimizi daha da artırır.

Cənab Prezident, 2018-ci ilin idman sahəsində yekunları ilə bağlı Milli Olimpiya Komitəsində keçirilən hesabat tədbirində Siz mənə Bakı şəhərində 2 otaqlı mənzil hədiyyə etmisiniz. Bu, bizim ailəyə müstəsna kömək olmaqla yanaşı, idmançılara verilən böyük dəyərdir. Siz Azərbaycan kimi böyük bir ailəyə başçılıq edir, bu ailənin heç bir üzvünü unutmursunuz. Bütün dünyanın ağır pandemiya ilə üz-üzə qaldığı, dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Sizin Sərəncamınızla əhalinin rifahının daha da yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdə bütün təbəqədən olan insanların – işsizlərdən tutmuş sahibkarlara qədər hər kəsin payı var. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Biz idmançılar Sizinlə fəxr edirik və hər zaman yanınızdayıq. Çünki Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”

Dərin hörmətlə,

7 qat dünya və Avropa çempionu Musayev Rüstəm Vaqif oğlu

Azərbaycan Respublikası, Şamaxı şəhəri”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR