"Azərbaycanla Avropa İttifaqı arasında sazişin əldə olunması çox əhəmiyyətlidir. Bu, region üçün də vacib siqnaldır, çünki Azərbaycan və Avropa İttifaqı bir çox sahədə yaxın tərəfdaşdır".
ONA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Hann Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Mogerini və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Aİ arasında əməkdaşlığın prioritet məsələlərindən biri iqtisadi əlaqələri gücləndirmək, Azərbaycan iqtisadiyyatının diversifikasiyasını və ölkənin Dünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləməkdir.
Y.Hann vurğulayıb ki, Aİ Azərbaycanın ən böyük ticarət və sərmayə tərəfdaşıdır: “Azərbaycan və Aİ arasında enerji sahəsində strateji əməkdaşlıq mövcuddur. Cənub Qaz Dəhlizini buna nümunə göstərə bilərəm".
Komissar əlavə edib ki, son illərdə Azərbaycan və Aİ arasında ətraf mühit, iqlim, nəqliyyat sahələrində də əməkdaşlığı gücləndirib: “Azərbaycan şimalı cənubla, şərqi qərblə birləşdirən kəsişmədə yerləşir. Ölkə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars kimi layihələr həyata keçirir. Avropa İttifaqı bu layihələrə, xüsusıən də Bakı limanına dəstək göstərməkdə maraqlıdır".