Ədliyyə Nazirliyinin və Mətbuat Şurasının ədliyyə və məhkəmə fəaliyyəti barədə
ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması ilə bağlı birgə layihəsinə start verilib.
ONA-nın xəbərinə görə, martın 6-da nazirliyin icra, probasiya, istintaq və cəzaların icrasına nəzarət üzrə müfəttişliyin fəaliyyətinə və yeniliklərə həsr olunmuş brifinq keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının və Mətbuat Şurasının rəhbərliyi və əməkdaşları, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri, çoxsaylı kütləvi informasiya vasitələrinin rəhbərləri, jurnalistlər iştirak ediblər.
Tədbirdə bildirilib ki, brifinqin keçirilməsində məqsəd Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrini genişləndirmək, onların nazirliyin maarifləndirmə işlərində, ədliyyə fəaliyyəti barədə əhalinin mütəmadi və daha geniş şəkildə məlumatlandırılmasında iştirakını yaxından təmin etməkdir.
Sonra bir sıra idarə rəisi çıxış edərək bu sahələrdə fəaliyyətin təşkili, həyata keçirilən tədbirlər və müvafiq statistic göstəriciləri diqqətə çatdırıblar.
Bildirilib ki, Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində də iş həcmi ilbəil artıb.
2018-ci ildə 900 minə yaxın icra işi olub, onlardan 60.5 faizinin icrası təmin edilib. Həmçinin, görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 1.1 milyard manatdan çox vəsait ödətdirilib.
Brifinqdə dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış nazirliyin Probasiya xidmətinin fəaliyyəti barədə məlumat verilib, qısa müddətdə bu sahədə işin müasir tələblər səviyyəsində səmərəli təşkili ilə bağlı xeyli işlərin görüldüyü bildirilib.
Qeyd olunub ki, hazırda azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 900-dən çox şəxsə elektron qolbaq tətbiq edilib.
Tədbirin sonunda KİV nümayəndələri Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olublar.