"Azərbaycanda da piylənmənin səbəbi bütün dünya ölkələrində olduğu kimi eynidir. 2014-cü il üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Azərbaycanda da yetkin əhalinin 33 faizi piylənmə və artıq çəkidən əziyyət çəkir".
ONA xəbər verir ki, bunu həkim-dietoloq, piylənmənin müalicəsi üzrə mütəxəssis Emil Hidayətli deyib.
O bildirib ki, hazırda piylənmədən əziyyət çəkənlərn sayı get-gedə artır: "Burda acınacaqlı məqam uşaqlar arasında piylənmənin artmasıdır. Əsas səbəb bizdə də qidalanma faktorudur. Qida sənayesinin dəyişməsi, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, passivlik və digər tibbi problemlər bura aiddir. Piylənmə ilə mübarizəni multidisiplinar yanaşma ilə aparmaq, yəni yalnız qidanı, fiziki aktivliyi işə salmadan bir yerdə kompleks şəkildə əməl etmək lazımdır. Biz xəstələrimizi davranış terapiyasının gücləndirilməsinə yönəldirik. Yəni piylənmədən əziyyət çəkən insanlar vərdişlərinin dəyişməsinin vacib olduğunu anlamalıdırlar. Qida, həyat tərzi, yuxu, fiziki aktivlik vərdişləri dəyişmədikcə, piylənmənin qarşısını almaq da mümkün deyil".
Həkim deyib ki, ildən-ilə proqnozlar daha acınacaqlı hala çevrilir: "2030-cu ildə artıq yer kürəsinin əhalisinin yarısı artıq çəkidən və piylənmədən əziyyət çəkəcək. Bizim qeyri-ixtiyari təkrarladığımız hərəkətlər vərdiş adlanır. Yuxu vərdişi burada önəmli rol oynayır, gecə saat 12-dən sonra yatanlarda piylənmə səbəbləri artır. Bunların hamısının daha sağlam vərdişlərlə dəyişilməsini birgə tətbiq etməklə, biz müsbət nəticələr əldə edə bilərik".
Qeyd edək ki, bu gün Bakıda dünyada piylənmənin idarə olunması sahəsində son elmi araşdırmalar aparmış professor və aparıcı mütəxəssislərin iştirakı ilə “Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir.