Bayram elan edilmiş 28 May Müstəqillik Günü qeyri-iş günü, 18 Oktyabr Müstəqilliyin Bərpası Günü iş günü olacaq.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Əmək Məcəlləsinə dəyişiklik isə uyğunlaşdırma xarakteri daşıyır.
Xatırladaq ki, bundan əvvəl mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunub.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.