Bakının Sabunçu rayonunun Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbində “Novruz ənənələri” adlı bayram şənliyi keçirilib.
ONA-nın xəbərinə görə, bayram şənliyi məktəb rəhbərliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirə məktəb rəhbərliyi ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yaşayan 20-yə yaxın uşaq qatılıb.
Tədbirdə çıxış edən 80 nömrəli tam orta məktəbin direktor əvəzi İlahə Axundova bildirib ki, Novruz bayramı bir çox ölkədə, o cümlədən Azərbaycanda təntənə ilə qeyd olunur.
80 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nüşabə Xəlilova tədbirin məhz məktəb rəhbərliyi və valideynlərin təşəbbüsü ilə keçirildiyini diqqətə çatdırıb.
Direktor müavini qeyd edib ki, Novruz qardaşlıq, birlik bayramıdır.
Tədbir zamanı Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin sakinlərinə məktəb rəhbərliyi tərəfindən bayram sovqatları paylanılıb.
Bayram şənliyi konsert proqramı ilə başa çatıb.