• SOSİAL

    11:15 30 aprel 2019

9 il ərzində “Uşaq Qaynar Xətti”nə 36 minə yaxın müraciət daxil olub

"2010-cu ilin fevral ayından etibarən “Uşaq Qaynar Xətti”nə 36 minə yaxın müraciət daxil olub".

ONA xəbər verir ki, bunu bunu zorakılığa məruz qalmış uşaqlarla işləyən tibb işçiləri üçün keçirilən təlimdə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova deyib.

O bildirib ki, son illər Azərbaycanda zorakılığa məruz qalan uşaqların sayı artıb: “2019-cu ilin 4 ayında “Uşaq Qaynar” xəttinə 861 zəng daxil olub. Daxil olan zənglərin böyük əksəriyyəti bölgələrdən olsa da, təəssüf ki, paytaxtda da bu kimi hallar artıb. Daxil olan müraciətlər arasında yaş qrupları fərqlidir. Burada 5 yaşlı, eləcə də 10-16 yaş arası uşaqlar da var. Xüsusilə keçid dövrü yaşayan 12-14 yaş arası uşaqlardan gələn müraciətlər daha çoxdur. Daxil olan bütün zənglər mütəxəssis və peşəkar psixoloqlar tərəfindən cavablandırılaraq araşdırılır”.

K.Aşumova bildirib ki, Azərbaycanda 9 ildir uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində işlər görülür: “Biz bu istiqamətdə tibb işçilərinə maarifləndirici təlimlər keçirik. Xüsusilə pediatrların bu təlimlərə cəlb edilməsinə diqqət göstəririk. Onlara zorakılığa məruz qalan uşaqlarla rastlaşdıqda, hara və hansı şəkildə müraciət etməli olduqlarını izah edirik. Bu yalnız vəzifə borcu deyil, insanlıq vəzifəsidir. Təəssüf ki, bölgələrdə zorakılığa məruz qalan uşaqların sayının artmasına səbəb orada ailələrin, azyaşlılar müraciət edə biləcəyi sosial xidmət mərkəzlərinin olmamasıdır”.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (ISIM)Layihələrin Əlaqələndirmə şöbəsinin müdiri Səbinə Babazadə isə deyib ki, təlimlərə həm paytaxtdan, həm də regionlardan tibb işçiləri cəlb ediləcək. Bu təlimlərin proqramı Tibbi Keyfiyyət Standartları şöbəsi tərəfindən hazırlanır: “Respublikanın baş mütəxəssisləri həmin layihəyə baxış keçirir. Daha sonra təlimatlar Səhiyyə Nazirliyinin kollegiyasında təsdiq almaq üçün təqdim edilir. Müvafiq təlimlər planı Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndikdən sonra bu barədə tibb işçilərinə maarifləndirici seminarlar keçirilir”.

S.Babazadə bildirib ki, həkim zorakılığa məruz qalan uşaqlara həm tibbi, həm psixoloji, həm də hansı hüquqi yardımlar göstərə biləcəyini bilməlidir: “Bu gün təlimlərə xüsusilə Bakı və Sumqayıtdan olan tibb işçiləri cəlb edilib. Təəssüf ki, regionlarda da zorakılığa məruz qalan uşaqların sayı az deyil. Bu ilk addımdır. Növbəti təlimlərdə çalışacağıq ki, regionlarda olan tibb işçiləri də bu təlimlərə cəlb edilsin. Ən vacib məqam vaxtında müdaxilə etməkdir ki, bu yük də həkimlərin üzərinə düşür. Uşaq həkimə müraciət etdikdə, həkim diqqətli olmalıdır. Elə hal olur ki, uşağa zorakılıq halları valideyn tərəfindən gizlədilir. Həkim müayinə zamanı bunu aşkara çıxarmalıdır”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR