• SOSİAL

    14:40 31 mart 2019

Abşeronda türk əsgərlərinin şərəfinə abidə ucaldılıb

Abşeronda türk əsgərlərinin şərəfinə abidə ucaldılıb.

ONA-nın yerli bürosunun məlumatına görə, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlıqda dəfn edilən naməlum türk əsgərlərinin şərəfinə abidə ucaldılıb.

Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və ziyalılar abidənin açılışında iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları naməlum türk əsgəri məzarlığını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla anıblar. Şəhidlərin ruhuna dualar oxunub.

Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 150 kvadratmetr ərazidə yaradılan abidə müasir üslubda qurulub, şəhidlik kompleksinin ərazisi genişləndirilib, ətrafda abadlıq işləri görülüb.

Mərasimdə çıxış edənlər Qafqaz İslam Ordusunun 1918-ci ildə ermənilərə qarşı zəfər yürüşündən, azadlıq missiyasından söhbət açıblar.

Qeyd edilib ki, 1918-ci ildə ermənilər Bakı şəhəri ilə yanaşı, Azərbaycanın regionlarında, o cümlədən Abşeron rayonunun kənd və qəsəbələrində də qırğınlar törədərək günahsız insanları vəhşiliklə qətlə yetiriblər. Diqqətə çatdırılıb ki, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun əsgərləri köməyə gələrək erməni birləşmələrini darmadağın ediblər. Abşeron rayonunun Digah qəsəbəsində ermənilərlə döyüşdə yerli sakinlərlə bərabər, 9 türk əsgəri də qəhrəmanlıqla şəhid olub. Onlar Digah qəsəbəsindəki qədim məzarlıqda dəfn ediliblər.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR