"Hər il 5-10 min arası insan peyvəndə cəlb olunur".
ONA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, hər il peyvənddən kənarda qalan insanların siyahıya alınması aparılır: “Hər il 5-10 minə yaxın insan peyvəndlərə cəlb olunub. Hələ ki bu proses davam etdiyi üçün dəqiq rəqəm demək mümkün deyil. Polimelit, qızılca, məxmərəyə qarşı peyvəndlənmə zamanı ilin sonunda yekun rəqəmlər ictimaiyyətə elan ediləcək”.
Nazirlik rəsmisi deyib ki, bu həftə ərzində peyvənddən kənarda qalan uşaqların hamısı peyvəndə cəlb olunmalıdır: "Hazırda peyvənddən kənarda qalan uşaqlar siyahıya alınıb ki, onlar da peyvənd olunacaq. Hər hansı peyvənd olmayan varsa, valideynlər uşaqları peyvənd məntəqələrinə gətirsinlər".
Afaq Əliyeva bildirib ki, bu il ölkəyə 160 min vaksin gətirilib. Onun sözlərinə görə, ölkəyə gətirilən vaksinlər mart ayı ərzində respublikanın bütün region və şəhərlərinə paylanılıb: “Bizdə olan son məlumatlara görə, dünənə qədər respublika üzrə 110 min böyük yaşlı insana qızılca-məxmərək əleyhinə kombinləşmiş vaksin, polimelit əleyhinə və s. vaksin vurulub. Aprelin əvvəlində sonuna qədər 150 min nəfər də peyvəndlərə cəlb olunacaq”.