Bakının Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları Baş Prokurorluğa göndərilib.
Bu barədə ONA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, mayın 5-də Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.