Ağdamda Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində qəzalı vəziyyətə düşən evlərin bərpası davam edir.
Ağdam Rayon İcra Hakimiyyətinin şöbə müdiri Abduləli Mehdiyev ONA-nın Qarabağ bürosuna bildirib ki, İcra Hakimiyyətində yaradılan komissiya tərəfindən rayonun Əfətli, Qaradağlı, Zəngişalı Çəmənli, Sarıcalı, Əhmədağalı və Qərvənd kənd ərazi nümayəndəliklərində ümumilikdə 18 kənddə 80-ə yaxın ev yenidən tikilir. Təzəkənd ərazi nümayəndəliyində qəzalı vəziyyətdə olan evlərin tikintisinə isə hələ başlanılmayıb: “Ağdamın bütün kəndlərində insanlar müharibə şəraitində yaşayır. Kəndə düşən mərmilər nəticəsində bəzən dinc əhali arasında ölən və yaralanan olur, evlər zərər görür, qəzalı vəziyyətə düşür. Bunun nəticəsində əhaliyə on minlərlə manat ziyan dəyir. Dövlətimiz tərəfindən evləri qəzalı vəziyyətə düşən sakinlərə yardım göstərilir. Hazırda yenidən qurulan evlərin çoxunda son tamamlama işləri aparılır. Tikinti işlərinə yerli sakinlər cəlb olunub. Onlar həm öz evini tikir, həm də çalışdıqlarının müqabilində əmək haqqı alırlar. Fərdi yaşayış evlərin tikintisi ilə yanaşı bütün evlərin qaz, işıq, su və rabitə xətləri yenidən qurulacaq. Bunların hamısı dövlət vəsaiti hesabına aparılır.”
Qeyd edək ki, ermənilərin yaşayış məntəqələrini ağır artilleriyalardan atəşə tutması nəticəsində mülki əhaliyə dəyən ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpasına 3 milyon manat vəsait ayırıb.
Habil Aslanoğlu