• SOSİAL

    15:08 29 oktyabr 2019

Ağdaşda məktəb tikintisi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrılıb

Prezident İlham Əliyev Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.

ONA-nın xəbərinə görə, sərəncama əsasən, Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Prezident İlham Əliyev Ağdaş rayonunun Orta Ləki kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Ağdaş rayonunun Orta Ləki kəndində 480 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamda göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalıdır.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR