"Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sahibkarlar tərəfindən daxil olan şikayətlərin 20%-dən çoxu məhkəmə icraatında olan işlərlə bağlıdır".
ONA-nın xəbərinə görə, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, müraciətlərlə bağlı təhlil aparanda məlum olub ki, mübahisə tərəfləri olaraq daha çox dövlət orqanları və sahibkarlar arasında olan məsələlər önə çıxır: "Belə ki, əmlak və mülkiyyət hüquqları, torpağın icarəsi və istifadəsi, vergi haqları, tikintiyə icazə, tikintinin sökülməsi, maliyyə-hüquq pozulmaları, dövlət orqanlarının qanunsuz müdaxilələri və s. məhkəmələrdə daha çox mübahisə predmeti olaraq çıxış edir. Təəssüflər olsun ki, bəzən Agentliyə daxil olan müraciətlər üzrə məhkəmələr eyni və yaxud oxşar məsələlər barədə fərqli qərarlar verməklə biznes üçün gözlənilməz xərclərin yaranmasına səbəb olur".
O.Məmmədov qeyd edib ki, bir sıra hallarda məhkəmə sistemi və icra mexanizmi biznesin inkişafı üzrə yeni çağırışlara effektiv uyğunlaşmanı tam dəstəkləmir. Agentliyə daxil olan müraciətlərdə tez-tez təkrarlanan hallar müxtəlif məhkəmə instansiyaların qərarlarının bir-birini təkzib etməsi nəticəsində süründürməçiliyin mövcudluğu, məhkəmə prosedurlarına riayət edilməməsi, məhkəmələrin fəaliyyətinə məmurlar tərəfindən müdaxilə nəticəsində obyektivliyin pozulması, məhkəmə qərarlarının icrasında problemlərdən ibarətdir.