“Yaşa görə müavinət alanlar işlədikləri dövrdə pensiya kapitalına, yaxud pensiya üçün duyulan sığorta stajını toplaya bilməyən insanlar idi. Onların müavinəti 73 manatdan 80 faz artırılaraq 130 manata qaldırılır. Bu, təqribən 60 min insanı əhatə edəcək”.
ONA-nın məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamla ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
S. Babayev deyib ki, ailə başçısını itirməyə görə müavinət də 80 manata qaldırılır, bu da 46 min insanı əhatə edir: “Ailə başçısını itirməyə görə müavinət ailənin hər bir üzvü üçün təyin edilir. Yəni ailədə 18 yaşına çatmamış uşaqlar, əmək qabiliyyəti olmayan və müəyyən yaş həddinə çatmış həyat yoldaşları üçün hər birinə 80 manat müavinət təyin edilir. Əmək pensiyası almaq huququ olmayan bu kateqoriya 105 min insanı əhatə edəcək. Bu istiqamət üçün 47 milyon manat vəsait ayrılıb. Eyni zamanda bəzi kateqoriya şəxslərin 16 yaşınadək uşaqlarına müavinətlər təyin olunur”.
Nazir nəzərə çatdırıb ki, müddətli hərbi xidmətdə olan vətəndaşların uşaqlarına ayrılan aylıq müavinət 68 manat olub, 50 faiz artırılaraq 100 manata çatdırılır: “Bu müavinət bizim əsgərlikdə olan cavan hərbçilərimizi əhatə edir”.
Nazir qeyd edib ki, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 33 manatdan 67 faiz artırılaraq 55 manata çatdırılır: “6 uşağı olanlar 330 manat aylıq vəsait alacaq. Bu da 9 min insanı əhatə edir”.
S. Babayev deyib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləği 61 manatdan 64 faiz artırılaraq 100 manata çatdırılır: “Sosial paketin uşaqlarla bağlı hissəsi illik 2 milyon 560 min manat əlavə maliyyə vəsaiti tələb edir”.