• SOSİAL

    13:24 16 dekabr 2020

Akademik Adilə Namazova vəfat edib

Azərbaycan tibb elminə ağır itki üz verib. Azərbaycanın görkəmli alimi, tanınmış pediatr, tibb elmləri doktoru, akademik Adilə Namazova ömrünün 94-cü ilində dünyasını dəyişib.

ONA xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidməti məlumat yayıb.

A. Namazova dekabrın 16-da vəfat edib.

Azərbaycanın ilk qadın pediatr alimi Adilə Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlayıb.

Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasında aspirantura təhsilini alıb.

1965-ci ildən ATU-nun I uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində olub. Elə həmin il tibb elmləri doktoru dərəcəsi alıb. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seib. Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvü olub. Professor Adilə Namazova 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. AMEA-nın həqiqi üzvü idi.

Təbabətdə aktual elmi problemlərin araşdırılmasına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı mütəxəssislər hazırladığına görə Adilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib. A.Namazova belə yüksək elmi ada layiq görülən ilk azərbaycanlı qadın alim olub. Adilə Namazova 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinə sədrlik edib.

SSRİ Ali Sovetinin deputatı olub.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidenti idi.

A. Namazova “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Allah rəhmət eləsin!

ONA

Teqlər:

SON XƏBƏRLƏR