"Heydər Əliyev Fondu təkcə Azərbaycanın inkişafına deyil, həm də bərpasına və mövcudluğuna öz töhfəsini verib. Fondun fəaliyyəti bu gün Heydər Əliyev Azərbaycanı necə görmək istəyirdisə, onu tam əks etdirir".
Bunu ONA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti Aleksandr Boroda bildirib.
Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyini və bu illər ərzində görülən işləri yüksək qiymətləndirən Rusiyanın nüfuzlu dini və ictimai xadimi fondun Azərbaycanda mədəniyyətin səviyyəsinin qaldırılması, vətənpərvərliyin, Azərbaycan daxilində, eləcə də Azərbaycanın digər ölkələrlə millətlərarası və mədəniyyətlərarası münasibətlərinin inkişafı üçün böyük səylər göstərdiyini söyləyib: "Rusiyadakı Yəhudi İcması Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir. Lakin bu tək əməkdaşlıq deyil, dostluqdur. Fondun rəhbərliyi, Mehriban Əliyeva, Leyla Əliyeva Azərbaycan üçün çox şey etmək istəyirlər. Bu insanlar ölkəsini dünyanın nəhəngləri səviyyəsinə qaldırmağa çalışırlar".
Heydər Əliyev Fondu ilə Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi arasındakı əməkdaşlıqdan danışan A. Boroda bu əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğulayıb: "Biz Heydər Əliyev Fondu ilə birgə layihələr həyata keçiririk. Fondun icraçı direktoru Anar Ələkbərovla sıx əməkdaşlıq edirik. Bizim Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi hər zaman Fondun bütün layihələrini həyata keçirmək üçün açıqdır. Bizim fondla mədəni mübadiləmiz, insani təmasımız mövcuddur. Bakıda Heydər Əliyev Mərkəzində Yəhudi Muzeyinin birinci sərgisi keçirilir. Planda növbəti sərginin keçirilməsi də var. Arzu edirəm ki, Heydər Əliyev Fondu daha da möhkəmlənsin, inkişaf etsin, bütün planlarını həyata keçirə bilsin. Biz bunun üçün əlimizdən gələn köməyi etməyə hazırıq".
Yəhudilər hər zaman Azərbaycan xalqından dostluq və qardaşlıq münasibəti görüb
Rusiyadakı Yəhudi İcmasının rəhbəri Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olduğunu qeyd edib: "Azərbaycanda müxtəlif millətlərin nümayəndələri dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Yəhudi icması tarixən Azərbaycanda yaşayıb. Hər zaman azərbaycanlılardan dostluq, qardaşlıq münasibəti görüb. Heç vaxt anti-semitizm meyllərini hiss etməyib. Yəhudilər buna görə Azərbaycan xalqına minnətdardırlar və Azərbaycan xalqını hər zaman sevgi ilə xatırlayırlar. Mən Azərbaycandan dünyanın müxtəlif yerlərinə, o cümlədən Moskvaya gedən yəhudiləri nəzərdə tuturam. Onlar ölkədən getsələr də, hər zaman Azərbaycanı, onun xalqını böyük sevgi ilə xatırlayırlar, adət-ənənələrini davam etdirirlər. Azərbaycanı öz vətənləri hesab edirlər. Bu mənada Azərbaycan dünyanın bir çox ölkələrinə nümunədir".
Azərbaycan İsraillə hərbi-iqtisadi əməkdaşlığa açıq olan azsaylı müsəlman ölkələrindən biridir
Aleksandr Boroda Azərbaycan-İsrail münasibətlərindən də danışıb: "Bu gün Azərbaycanın İsraillə çox yaxşı münasibətləri mövcuddur. Azərbaycan İsraillə mədəni, humanitar, iqtisadi və hərbi əməkdaşlığa açıq olan azsaylı müsəlman ölkələrindən biridir. İsrail bu əməkdaşlığı yüksək qiymətləndirir və bu münasibətlərə böyük əhəmiyyət verir. Ona görə də, hesab edirəm, bu məqam Azərbaycanın unikallığıdır. Arzu edirəm ki, bu tolerantlıq Azərbaycan ölkəsinə və xalqına çoxlu xeyir gətirsin".