• SOSİAL

    00:08 17 aprel 2019

Ali məktəblərdə təqaüd yerlərinin sayı yeni qaydada müəyyənləşdiriləcək

Ali təhsil müəssisələrində təqaüd yerlərinin sayının müəyyənləşdirilməsinin yeni qaydası təsdiqlənib.

ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Qərara əsasən, ali təhsil müəssisələrində təqaüd yerlərinin sayı “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli sərəncamında göstərilən səviyyədə müəyyənləşdiriləcək. Həmin sərəncama əsasən ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılmalı və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin edilməlidir.

Buna müvafiq olaraq, Nazirlər Kabinetinin qərarına əsasən hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifarişi və dövlət hesabına əyani və qiyabi təhsilalma formasında təhsilalanların sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarət olacaq. Əlavə təqaüd yerlərinin ali təhsil müəssisələri arasında bölgüsü hər bir ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların sayının bütün ali təhsil müəssisələrinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək. Ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılacaq.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na əsasən, ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində hər tədris ili üçün ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilib və dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həcmində müəyyənləşdirilib. Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qiyabi təhsilalma forması üzrə dövlət sifarişi və dövlət hesabına qəbul olmuş tələbəyə görə nəzərdə tutulan təqaüd yeri (yerləri) ikinci tədris semestrindən həmin ixtisas üzrə təqaüdlər sayına əlavə olunub. Artıq təqaüd yerlərinin bölgüsü ilə bağlı bu qayda ancaq orta ixtisas təhsili müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə şamil ediləcək.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR