“Beynəlxalq və ya respublika fənn olimpiadalarının qalibləri müsabiqədən kənar qəbul olunmaq üçün ali təhsil müəssisələrinə ərizə qəbulu aparıldığı müddətdə Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsində “abituriyentin elektron ərizəsini” doldurduqdan sonra müvafiq sənədləri sənəd qəbulu komissiyalarına təqdim edəcəklər”.
ONA-nın xəbərinə görə, bunu Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev deyib.
O qeyd edib ki, beynəlxalq və ya respublika fənn olimpiadasının qaliblərinə üzərində Təhsil Nazirliyinin möhürü və təhsil nazirinin imzası olan diplomlar veriləcək: “Bundan əlavə, beynəlxalq və ya respublika fənn olimpiadasının qalibləri qaliblərin adlı siyahısını təsdiq edən Təhsil Nazirliyinin müvafiq əmrini DİM-ə təqdim etməklə, olimpiadalarda qalib olduqlarını sübut edə biləcəklər”.
Xatırladaq ki, qaliblər “Təhsil haqqında” Qanuna edilən yeni dəyişikliklərə əsasən, beynəlxalq və ya respublika fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər.