• SOSİAL

    22:51 8 avqust 2019

Ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin sayı açıqlanıb

Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədə iştirak edənlərin sayını açıqlayıb.

APA xəbər verir ki, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Tələbə adı qazanmış şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 9-da (günün ikinci yarısında) "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaq.

Xatırladaq ki, bu il 3 nəfər incəsənət, 3 nəfər dünya fənn olimpiyadası, 21 nəfər respublika fənn olimpiyadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan "International Baccalaureate" təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olunub.

SAT imtahanının nəticələrinə əsasən, 104 abituriyent ADA Universitetinə qəbul olunub.

Bundan əlavə, I ixtisas qrupu 139 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 128 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR