"İraqda, Suriyada “Allahu-əkbər” deyib baş kəsənlər dinimizi gözdən salır".
ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
QMİ sədri qeyd edib ki, İraqdan və Suriyadan bəzi ailələrin uşaqları ölkəyə gətirilir: "Onların da bəzilərinin günahı bizim boynumuzdadır. Din xadimlərinin əhatə dairəsi çox genişdir. Tək məsciddə deyil, kənarda da təbliğat aparmalısınız".
Allahşükür Paşazadə deyib ki, Notr-Dam kilsəsinin yanmasına ürəyi ağrıyıb: "Dünyada harada olmasından asılı olmayaraq, bütün məbədlər Allahın evidir".
Şeyxülislam nəzərə çatdırıb ki, bu gün torpaqlarımızın 20 faizi işğal altındadır, dini məbədlərimiz də işğal altındadır: "Mən əvvəllər Naxçıvanın qazısı olmuşam. İnsanlarımız İrəvandakı ziyarətgahlarımızı ziyarət edirdi, indi onlar yoxdur, məhv edilib. Bəzən buradan çıxan azərbaycanlılar xaricdə bizim əleyhimizə danışır. Hətta ermənilərlə dostluq edənlər də var. Bunlar bizi incidir, təəssüfləndirir. Din xadimləri bunları cəmiyyətə çatdırmalıdır".