Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 27-də Rusiyaya səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, A. Paşazadə Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısını keçirəcək.
Şuranın budəfəki toplantısı Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevin anadan olmasının 65 illik yubiley ilə əlaqədar təşkil olunur.
İclasda cari məsələlərlə bərabər, Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımların müzakirəsi nəzərdə tutulur.
QXADŞ-nın Vladiqafqazda keçirilən toplantısından sonrakı dövrün hesabat məruzəsi ilə Şuranın sədri A. Paşazadə çıxış edəcək.
Çerkesskə səfər çərçivəsində QMİ sədrinin respublika rəhbərliyi, din xadimləri və Qaraçay-Çərkəzdəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirəcək.