Ümumi cərrah, sağlam qidalanma üzrə mütəxəssis, klinik psixoloq, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi Vəfa Paşazadə e-tibb.az-a müsahibə verib.
ONA müsahibəni təqdim edir:
- Hər kəsin uşaqlıq arzusu olur, uşaqlıqda heç ağlınıza gəlirdimi ki, bu peşəyə yiyələnəcək, həkim olacaqsınız?
- Uşaqlıqdan rəssamlığa istedadım və meylim olsa da, həkim olmaq istəyi daha güclü idi. Bu peşəyə yiyələnmək arzusunun əsas səbəbkarı atam olub.
Atam deyirdi “qızım, həkimlik peşəsi gözəldir, şərəflidir. Belə şəfqətli xasiyyətinlə səndən gözəl həkim olar. Həkim hərtərəfli biliklərə malik olmalıdır. Bunun üçün insan daim mütaliə edib, yeni biliklərə can atmalıdır. Bununla belə insanları müalicə edərkən yiyələndiyi biliklər, qazandığı təcrübə və humanizmi onların dərdlərinə əlac etməlidir”.
Atamın bu hikmətli tövsiyələrinə əməl etməklə həkim oldum. Hətta İslamda alim, həkim və müəllim müqəddəslərə bərabər şəxslərdən sayılır. Ona görə də xəstələrin müalicəsində İslami etik qaydaları bir meyar kimi tuturam.
Mən yenicə ailə qurmağıma baxmayaraq, Azərbaycan Tibb Universitetinə daxil oldum və onu müvəffəqiyyətlə bitirdim. Bakıdakı 5 saylı Şəhər Xəstəxanasında ümumi cərrah kimi fəaliyyətə başladım, orada çalışdım. Sonradan fəaliyyətimi Mərkəzi Gömrük Xəstəxanasında davam etdirdim. Hazırda Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ümumi cərrah və şəxsi klinikamda sağlam qidalanma üzrə mütəxəssis, klinik psixoloq kimi fəaliyyətimi davam etdirirəm, orada ixtisasa uyğun müxtəlif təlim və seminarlar keçirirəm. Bununla yanaşı elmi fəaliyyətimi də davam etdirirəm, psixologiya sahəsində növbəti doktorluq dissertasiyam üzərində də çalışmağa başlamışam. Çünki “Sağlam bədəndə - sağlam ruh olar” ifadəsi boş kəlam deyil. Pasiyentin psixoloji vəziyyəti kafi olmadıqca, ondan sağlamlıq gözləmək olmaz.
- Tibb sahəsində xeyli nailiyyət əldə etmisiniz. Sizcə, bir insanın, həkimin nailiyyət qazanması, hədəfə çatması üçün əsas şərt nə olmalıdır?
- Hər bir insanın arzusu olduğu kimi həyatda müəyyən məqsədlərə çatmaq üçün də hədəfləri olur. Bu hədəflər onun üçün məşhur olmaq deyil, yeni bir zirvəni fəth etməkdir. Böyük mütəfəkkir həkimlər - akademik Mirəsədulla Mirqasımov və Mirməmməd Cavadzadənin təbirincə desək, həkim hər bir xəstəni ən yaxın adamı hesab etməli, xəstəni sevməlidir. Biz də xəstələrimizi yaxınımız hesab etməklə, onları sevirik. Bu əsas məsələdir və biz bundan zövq, ilham alır, mənəvi rahatlıq tapırıq. Mənim ən böyük amalım insanlara xidmət etmək, daha doğrusu, insanlığa xidmət etməkdir.
- Qeyd etdiniz ki, ümumi cərrah olaraq fəaliyyətə başlayıb, bu yöndə ixtisaslaşmısınız. Sonradan tibbin digər sahələrinə üz tutmağınız nədən irəli gəldi?
- Cərrah olmağıma baxmayaraq, həm də sağlam qidalanma üzrə mütəxəssis və klinik psixoloq olmağımın bir tarixçəsi var. Uşaqlıqdan artıq çəkidən əziyyət çəkmişəm, böyüdükcə kilom da artırdı. Artıq səhhətimə də zərər gətirirdi. Bir çox dəbdə olan dietləri sınadım, səhhətimə ziyandan başqa heç birinin köməyi olmadı. Artıq çəkim sağlamlığım üçün ciddi bir problemə çevriləndə özümü tamamən dəyişməyə qərar verdim. Sağlam qidalanma mövzusunu dərindən araşdırmağa başladım, fiziki fəaliyyətimi artırdım və bu əsnada anladım ki, hər şeyin arxasında insanın psixoloji dünyası durur...
- Yeri gəlmişkən, bu gün çoxlu sayda insan artıq çəkidən əziyyət çəkir. Sizcə, burada daha çox hansı amillərin rolu var?
- Biz həkimlər insanların düzgün qidalanmasını onlara təlqin edirik. Bugünkü dövrdə xarici ölkələrdən bizə keçmiş “Fast food” yeməklər insanların səhhətinə ciddi təhlükə yaradır. Tələsik, yolüstü yemək insanlarda kütləvi şəkildə kökəlməyə, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Biz ilk növbədə insanların-xəstələrimizin düzgün qidalanmasına çalışırıq. İnsan heç vaxt qədərindən artıq yeməməlidir. Amma bunların da hər bir pasiyent üçün müəyyən səbəbi olur.
- Vəfa xanım, bir qədər əvvəl Azərbaycanın mütəfəkkir həkimlərinin fikrilərini xatırladaraq dediniz ki, həkim hər xəstəni ən yaxın adamı hesab etməli, xəstəni sevməlidir. Ümumiyyətlə, həkim, psixoterapevt xəstə üçün nə deməkdir? Xəstənin şəfa tapması üçün ilk növbədə nələrə əməl olunmalıdır?
- Həkim bir mütəxəssis olmaqdan öncə humanist olmalıdır. Həkim professionalizmi vacib olduğu kimi, onun mənəviyyatı və milli dəyərlərə ehtiramı ən ümdə şərtdir. O, bu meyarlara etinasız yanaşırsa, etdiyi müalicənin də effekti olmur. Bəzən bir xoş söz bəs edər ki, hətta ağır bir xəstə özünü daha rahat hiss etsin. Xoş söz məlhəmdir, yəni yenə də psixologiyaya qayıdırıq. Mərhəmətin, şəfqətin gücü tibb elminin nailiyyətləri ilə bir simbiozda bəzən gözlənilməz pozitiv nəticələr verir. Çünki şəfqət şəfa sözündəndir. Ona görə də həkimin bir şəxsiyyət kimi şəfqətli biri olmağı vacib şərtdir. Bunun mən nəinki bir klinik psixoloq kimi, ələlxüsus bir ümumi cərrah kimi fəaliyyətim əsnasında dəfələrlə şahidi olmuşam. Çünki hər əməliyyat pasient üçün bir sarsıntıdır. Maraqlı bir faktdır ki, Qərbdə əməliyyatdan sonra xəstələrə tez-tez psixoloqlar, psixoterapevtlər baş çəkir, onlarda ruh yüksəkliyi yaratmağa çalışırlar, bu da onların tez bir zamanda sağalmasının səbəblərindən biri olur.
- Doktor, demək istəyirsiniz ki, psixoloqla ünsiyyət insanı xoşbəxt və qayğısız edir?
- Əsla! Həyat dialektik bir möhvumdur. Hər şey onda ikili mövcuddur, yəni ziddiyyətlərdən ibarətdir. İnsan heç vaxt əbədi xoşbəxt ola bilməz, əks halda bu xoşbəxtlik onun üçün mənasızlaşar. O, heç vaxt əbədi harmoniyada yaşaya bilməz, əks halda harmoniyanı hiss edə bilməz. Harmoniyanı disharmoniya, xoşbəxtliyi bədbəxtlik əvəz edir. Yəni həyatda hər şey nisbidir və növbələşəndir. Ona görə də, psixoloq pasienti xoşbəxt etmir, həyatında, fikirlərində düzən yaradır, həyatda başqa imkanların və çözümlərin olduğunu göstərir.
Bundan əlavə terapevt olmaq - ali təhsilin nəticəsi olan bir peşə sahibi olmaq demək deyildir. Pasientin öz qorxularını, dərdlərini aydınlaşdırmaqda yardımçı olmaq istəyən bir terapevt bu aydınlaşdırma prosesini, bu daxili aləmə səyahəti ilk öncə özündə başlamalıdır… Yalnız onda o, müsbət nəticələr qazana bilər.
- Dediniz ki, atanızın tövsiyələrinə əməl edərək həkim olmağa qərar verdiniz. Atanızın - Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam, görkəmli ilahiyyatçı Hacı Allahşükür Paşazadənin dinlə bağlı verdiyi məsləhətləri necə dəyərləndirirsiniz? Xüsusilə İslamın tibbə münasibəti haqqında fikirləriniz necədir?
- Atam sadə, zəhmətkeş bir ailədə dünyada göz açıb. Uşaqlıqdan dini biliklərə yiyələnib, sonra ali dini təhsil alıb. Ömrünü dinə sərf edib. Bu gün onun bütün dini və dünyəvi liderlər tərəfindən ehtiramla qarşılanması və tanınması da onun xalqına qeyd-şərtsiz xidməti, şəxsiyyəti və müdrikliyinin bəhrəsidir. Noyabrın 14-15-də keçiriləcək “Dünya dini liderlərinin II Bakı sammiti”, 10 milyona yaxın əhalisi olan ölkəyə 500-dən çox beynəlxalq liderin Azərbaycana toplanması da buna bariz bir nümunədir. Bu sammit ölkə Prezidenti İlham Əliyevin yürütdüyü multikulturalizm siyasətinin dünyaya bir daha bəyan olunması baxımından çox əhəmiyyətlidir. Qafqaz Müsəlmanları İdarəsinin bu mötəbər tədbirin idarəedici statusunda çıxış etməsi, atam Şeyxülislam Allahşükür Paşazadənin 70 illik və Şeyxülislamlıq fəaliyyətinin 40 illiyinin qeyd olunması barədə Prezidentin sərəncamı böyük tarixi hadisədir.
Biz, ailəmiz adından Cənab Prezidentə dərin təşəkkürlərimizi bildiririk, çünki bu sərəncamın imzalanması Şeyx Həzrətlərinə göstərilən ali diqqət və qayğının əyani ifadəsidir.
Atamdan dinlə bağlı öyrəndiklərim də budur: Hər bir insan Vətənini, xalqını, elini-obasını sevməli, dövlət qanunlarına əməl etməli, valideynlərinə ehtiram göstərməlidir. Mənim üçün bir din rəhbərinin, tarixi şəxsiyyətin qızı olmaq böyük bir şərəf, ilk növbədə isə böyük bir məsuliyyətdir.
Tibb sahəsində müsəlman, daha doğrusu şərq alimləri böyük nailiyyətlər əldə etmiş, bu elmə böyük töhfələr vermişlər. Tibb elmi bugünkü inkişafı üçün əksərən şərq aləminə borcludur. Bunu Avropada tapılmış tarixi sənədlər, bir çox şərq dillərindən latın dilinə tərcümə olunmuş tibbi kitablar da təsdiq edir.
- Son olaraq, mütəxəssis kimi insanlara, oxucularımıza nə tövsiyə edərdiniz?
- Ən əsası sağlamlığınıza etinasız yanaşmayın! Sağlam qidalanmaq ruhumuza və bədənimizə verə biləcəyimiz ən gözəl şəfqət və nemətdir. Dəyişiklikləri özünüzdən başlayın, özünüzə inamınızı sarsıtmağa yol verməyin.