Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanından irəli gələn məsələlərin ictimai müzakirəsi məqsədilə konfrans keçirib.
ONA-nın xəbərinə görə, AmCham-ın direktoru Natəvan Məmmədova islahatların ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov dövlət və biznes qurumları arasında daha sıx dialoq yaradılmasının, islahatların bütün mərhələlərində biznes qurumlarının dövlətin yanında olmasının əhəmiyyətindən danışıb. O bildirib ki, aparılan məhkəmə-hüquq islahatları yerli və xarici iş adamlarının investisiyalarının, biznes mənafelərinin qorunmasına, biznesin inkişafına Azərbaycan dövlətinin daimi diqqətinin bariz nümunəsidir.
Daha sonra müzakirələr zamanı AmCham-ın Direktorlar Şurasının üzvü İlqar Mehti, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, ədliyyə nazirinin müavini Azər Cəfərov və digərləri islahatların əsas istiqamətləri, ədalət mühakiməsi mexanizmlərinin effektivliyinin artırılması barədə çıxış ediblər.
Tədbirdə o da bildirilib ki, məhkəmə-hüquq islahatları ilə əlaqədar ictimai müzakirələr davam edəcək.
Konfrans açıq sual-cavab sessiyası ilə başa çatıb.