AMEA Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış “İzahlı dilçilik terminləri lüğəti” ətrafında sosial şəbəkələrdə gedən materiallarla əlaqədar məsələyə münasibət bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölmələrinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, “İzahlı dilçilik terminləri lüğəti” Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova və institutun digər 5 nəfər əməkdaşı: filologiya üzrə fəlsəfə doktorları Svetlana Novruzova, Natəvan Hüseynova, İradə Abdullayeva və Şəbnəm Həsənli-Qəribova tərəfindən bir neçə il ərzində Nəsimi adına Dilçilik İnstitutunda hazırlanıb. Bildirilir ki, kitabın baş redaktorları akademiklər İsa Həbibbəyli və Möhsün Nağısoyludur. Eyni zamanda, “İzahlı dilçilik terminləri lüğəti”nin çapa tövsiyə olunmasına dilçi alimlər - akademik Nizami Cəfərov və əməkdar elm xadimi Qəzənfər Kazımov rəy verib: “Sosial şəbəkələrdə “İzahlı dilçilik terminləri lüğəti”nin plagiat olması haqqında ardıcıl olaraq yazan və ona qarşı müəyyən təzyiqlərin olduğunu bildirən filologiya elmləri doktoru İdris Abbasov 2015-ci ildə Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri və 2017-ci ildə AMEA-nın professoru seçilərkən kitabın titul səhifəsində adları qeyd olunan alimlər həmkarlarına səs veriblər. Heç şübhəsiz, nə baş redaktorlar, nə də kitaba rəy vermiş dilçi alimlər redaktorluq və rəyçilik funksiyalarını icra edərkən “İzahlı dilçilik terminləri lüğəti”ndə plagiat olacağı barədə düşünməyiblər. Eyni zamanda, nəinki ixtisasca ədəbiyyatçı olan baş redaktorlardan birinin, hətta lüğətçilik üzrə ciddi mütaliəsi, elmi təcrübəsi və Azərbaycanda çap olunmuş lüğətlərə ixtisaslı mütəxəssis səviyyəsində dərindən bələdliyi olmayan qrammatika mütəxəssisi olan dilçi alimin də redaktə prosesində kitabda plagiat faktını tapıb üzə çıxarması çətindir”.
AMEA kitabın ətrafında qaldırılan maliyyə məlumatlarının da əsassız olduğunu bildirib: “Əldə olunmuş məlumata görə “İzahlı dilçilik terminləri lüğəti”nin çapı üçün 1200 (bir min iki yüz) manat vəsait xərclənib. Lüğətdən yalnız 100 ədəd çap olunub, yaranmış mübahisəli məqamlara görə həmin kitabların bir çoxu paylanılmayıb”.
Bildirilir ki, “İzahlı dilçilik terminləri lüğəti”nin müqəddiməsində 1939-cu ildən bu nəşrin çap olunduğu 2018-ci ilə qədər Azərbaycanda ayrı-ayrı müəlliflər tərəfindən hazırlanıb nəşr edilmiş bu tipli lüğətlərin hər biri haqqında məlumatlar verilib, kitabın sonunda lüğətdə istifadə edilmiş 28 ədəbiyyatın, o cümlədən əvvəlki izahlı dilçilik lüğətlərinin adları və müəllifləri ayrıca qeyd olunub: “Bundan başqa, tərtibçilər son ayların müzakirələri proseslərində “İzahlı dilçilik terminləri lüğəti”ndə özlərindən əvvəlki lüğətlərdən istifadə etdiklərini, bunsuz lüğətlərin yaradılmasının qeyri-mümkün olduğunu etiraf edirlər. Bununla belə, Humanitar və İctimai Elmlər Bölmələri belə hesab edir ki, “İzahlı dilçilik terminləri lüğəti”ndə və bu qəbildən olan digər nəşrlərdə ilk növbədə ciddi elmi prinsiplərə əməl etmək və mübahisələrə yer qoymamaq üçün müqəddimədə özünəqədərki lüğətlərdən bəhs edilərkən onlardan istifadə haqqında daha açıq şəkildə yazmaq, lazım gələrsə mənbələri qeyd etmək, hətta əvvəlki illərin lüğətlərinin müəlliflərinə minnətdarlıq ifadə etmək zəruridir. Bizdə olan məlumata görə, artıq “İzahlı dilçilik terminləri lüğəti”nin təkmilləşdirilmiş yeni variantı üzərində tamamlanma işləri gedir və həmin nəşrin tərtibçilərin öz vəsaiti hesabına kitab halında nəşr edilməsi tövsiyə olunub".