• SOSİAL

    11:51 27 may 2019

AMEA-nın magistraturasına qəbulun ödənişli əsaslarla keçirilməsinin səbəbi açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbulun ödənişli əsaslarla keçirilməsinin səbəbi açıqlanıb.

AMEA-nın Akademik-katibi vəzifəsini icra edən, Elm və təhsil baş idarəsinin rəisi Əminağa Sadıqov ONA-ya bildirib ki, Akademiyanın magistraturasına marağın və tələbatın çox böyük olması nəzərə alınaraq belə qərar qəbul edilib.

Onun sözlərinə görə, bəzi hallarda AMEA-nın magistraturasına bir yerə 80 nəfər iddia edib: “Bütün bunlar nəzərə alınaraq Nazirlər Kabinetinə təkliflərimizi təqdim etdik və müvafiq qərar qəbul olundu. Yenə də bildirirəm ki, AMEA-nın magistraturasına tələbat yüksəkdir”.

Bu ildən AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsinin ləğv olunmasına toxunan Ə. Sadıqov qeyd edib ki, magistraturaya qəbul imtahanının II mərhələsindən uğurla keçənlər Akademiyada müvafiq müsahibələrdən keçirdilər: “AMEA-nın magistraturasını onsuz da yüksək bal toplayan bakalavrlar seçirlər. Müsahibə mərhələsi bakalavrlar üçün bir növ əlavə əziyyət idi. 3-4 ilin təcrübəsi göstərdi ki, bakalavrların imtahan qazandıqları göstəricilərlə müsahibə komissiyalarının göstəriciləri üst-üstə düşürdü. Beləliklə, biz müsahibə mərhələsinə ehtiyac duymadıq və o ləğv edildi”.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır. Cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək. Ödənişli əsaslarla təhsil alanların illik təhsil haqlarının məbləği 1600 manat müəyyən olunub.

Bundan əlavə, bu ildən AMEA-nın (AMEA) magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR