Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti "AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edib.
Akademiyanın mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, müsabiqə Rəyasət Heyətinin aprelin 3-də verdiyi qərara əsasən elan olunub.
"AMEA-nın professoru" adı AMEA Rəyasət Heyəti tərəfindən Akademiyanın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, elmi ictimaiyyət tərəfindən qəbul olunan, milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər eldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsində, dövlətçiliyin qorunmasında və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorlarına verilir.
"AMEA-nın professoru" adına namizədlər elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə irəli sürülür.
"AMEA-nın professoru" adı Azərbaycan elminin inkişafında, beynəlxalq aləmdə onun nüfuzunun artırılmasında və dünya elminə inteqrasiyasında, habelə Azərbaycanın beynəlxalq elmi əlaqələrinin genişləndirilməsində xüsusi xidmətləri olan xarici ölkə alimlərinə də verilə bilər.