• SOSİAL

    15:54 20 may 2019

Azərbaycanda illik temperatur 0,3 dərəcədən 1,7 dərəcəyə qədər artıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun elmi seminarının növbəti iclası keçirilib.

İnstitutdan ONA-ya verilən məlumata görə, iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin əməkdaşı Sevinc Kazımova “Azərbaycanda iqlim dəyişmələrinin çay axımına təsiri” mövzusunda məruzə edib.

Bildirilib ki, S. Kazımova Böyük Qafqaz çaylarının əsas hidrometeoroloji göstəricilərini, temperatur və yağıntıların paylanmasında baş verən dəyişiklikləri araşdırıb, ərazi çaylarının illik su sərflərinin statistik parametrlərini müəyyənləşdirib.

Əsas iqlim göstəriciləri olan yağıntı və temperaturları təhlil edən tədqiqatçı respublika ərazisində son illərdə illik temperaturların +0,3 C-dən +1,7 C-ə qədər artmasını müşahidə edib. O deyib ki, yüksək dağlıq ərazilərdə temperaturların artma qradiyenti daha çoxdur: “Yağıntılara gəlincə, çoxillik normaya nisbətən (462 mm) ən çox yağıntı artımı 2016-cı ildə müşahidə edilib ki, fərq 124 mm təşkil edir”.

S. Kazımovanın sözlərinə görə, illik axım modulunun bütün region üzrə hündürlükdən asılı olaraq artması baş verir: “Respublikanın Böyük Qafqaz üzrə əksər gursulu və daşqın rejimli çaylarında maksimal illik su sərfi azalmaqla qış minimal axımları artır”.

Məruzəçi qeyd edib ki, yerli əhəmiyyətli su anbarlarının sayını artırmaq, relyefdən asılı olaraq damcı suvarmanı həyata keçirmək, sudan optimal istifadə etmək məqsədəuyğundur.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR