“Vəkillikdən xaric olunmanın müxtəlif səbəbləri var. Bəzi vəkillər səhhəti ilə bağlı fəaliyyət göstərə bilmirlər. Bildiyiniz kimi, vəkillik fəaliyyətində pensiya yaşı yoxdur. Ona görə bəzi yaşlı vəkillər fəaliyyət göstərə bilmir və özləri müraciət edirlər ki, fəaliyyətlərinə xitam verilsin. Biz də bu cür müraciətlərə baxıb müvafiq qərarlar veririk”.
Bunu ONA-ya açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, vəkillərin üzvlük haqqı ödəməməsi ilə bağlı problemlər olur: “”Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələblərinə görə, 6 aydan çox müddətdə üzvlük haqqı ödəməyən vəkillərin fəaliyyətinə xitam verilir. Onların xaric olunması ilə bağlı iddia da məhkəməyə təqdim olunur”.
A.Bağırov deyib ki, Vəkillər Kollegiyasından intizam pozuntusuna görə vəkillərin xaric olunması proseduru çox mürəkkəbdir: “Yəni, Vəkillər Kollegiyası öz qərarı ilə hər hansı bir vəkili intizam pozuntusuna görə tənbeh şəklində xaric edə bilməz. Bu, mümkün deyil. Çünki qanunda nəzərdə tutulmayıb. Vəkillər Kollegiyası ən kobud pozuntulara yol verən vəkillərə qarşı sərt tədbir görərkən onların fəaliyyətini dayandırır və kollegiyadan xaric olunması ilə bağlı məhkəmədə iddia qaldırır. Həmin iddiaya məhkəmə baxdıqdan sonra qərar qüvvəyə minənədək həmin vəkillər Vəkillər Kollegiyasının üzvləri hesab olunurlar”.