“Vəkillər Kollegiyası tərəfindən Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” fərmanından irəli gələn məsələlərlə bağlı geniş işlər görüləcək”.
Bunu ONA-ya açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, Vəkillər Kollegiyası qanunvericiliyə müvafiq dəyişikliklərin hazırlanması üçün İşçi Qrupu yaradıb: “Vəkillərə müraciət etmişik ki, İşçi Qrupunun işində fəal iştirak etsinlər. Vəkillər Kollegiyası İşçi Qrup vasitəsilə təkliflər hazırlayır. Çalışacağıq ki, cənab Prezidentin fərmanında Vəkillər Kollegiyasına tapşırılan məsələlərlə bağlı peşəkar iş görək və aidiyyəti qurumlara təqdim edək. Mülki-Prosessual, cinayət qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər hazırlayacağıq. Cinayət qanunvericiliyinin humanistləşməsi və dekriminallaşdırılması ilə də bağlı müvafiq təkliflər hazırlamaq iqtidarındayıq”.
A.Bağırov bildirib ki, Vəkillər Kollegiyası üçün ən vacib məsələlərdən biri dövlət hesabına hüquqi yardımla bağlı aparılan islahatlardır: “Cənab Prezidentin müvafiq fərmanının 13-cü bəndində bununla bağlı məsələlər öz əksini tapıb. Burada əsas məsələ sovet dövründən bəri və bu gün də bizdə qalan dövlət hesabına hüquqi yardımın göstərilməsi mexanizminin dəyişdirilməsidir. Keçən il cənab Prezident dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsaiti 3 dəfə artırıb. Bu, çox ciddi bir artımdır. Ancaq bu gün həmin o mexanizmdə dəyişikliklərin edilməsi ona gətirib çıxaracaq ki, bütün o vəsaitlər Vəkillər Kollegiyasına köçürüləcək. Beləliklə, bir sıra hallarda vəkillərin üzləşdiyi problemlər, süründürməçilik halları və digər neqativ hallar aradan qalxacaq. Hesab edirəm ki, vətəndaşlar və vəkillər aparılan bu islahatların müsbət nəticələrini yaxın vaxtlarda görəcəklər”.