• SOSİAL

    15:53 2 may 2019

Anar Kərimov: “Terror hadisələri insanları təhsilə daha çox investisiya yatırmağa sövq etməlidir”

Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq" mövzusunda panel keçirilib.

ONA-nın məlumatına görə, UNESCO yanında Azərbaycanın Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov bildirib ki, insanlar mədəni müxtəlifliyə tolerant yanaşaraq hörmət etməlidirlər.

Onun sözlərinə görə, Yeni Zelandiya və Şri-Lankada terror hadisələrinin baş verməsinə dini və mədəni müxtəliflik barədə yalnış təəssüratlar səbəb olub: "Düşünürəm ki, bu terror hadisələri insanları təhsilə, elmə daha çox investisiya yatırmağa sövq etməlidir".

A. Kərimov multikulturalizmin Azərbaycan modelinə diqqət çəkib. O deyib ki, tarixən Azərbaycan sivilizasiyaların qovşağında, "Böyük İpək Yolu"nun mərkəzində yerləşib: "Müxtəlif dini icmalar, etnik qruplar bərabər və sülh şəraitində ölkəmizdə yaşamaqdadırlar. Biz boş oturmamalı, öz təşəbbüs və cəhdlərimizi daha da gücləndirməliyik".

UNESCO-nun Ekvadordan olan xoşməramlı səfiri İvonn Baki bildirib ki, bu gün dünyada islamofob çağırışlar edilir: "Təəssüflər olsun ki, bəzi insanlar islam dinini terror dini kimi təqdim etməyə çalışırlar. Lakin islam sülh dinidir. Biz əməkdaşlıq etməklə, əməli xidmətlər göstərməklə baş verən toqquşmaların həlli yollarını tapa bilərik".

İordaniyanın sabiq dövlət naziri Nabil əl-Şərif qeyd edib ki, insanlar digər xalqların siyasi və iqtisadi həyatı ilə tanış olmağa meyllidirlər: "Bu isə mədəniyyətlərarası dialoqun qurulması üçün əsas vasitədir. Bu baxımdan Mədəniyyətlərarası Dialoq Forumu fəal təmasların qurulmasına aparan yoldur".

Avstraliyalı ictimai xadim Liza Annes ölkəsində çoxlu sayda etnik azlıqların yaşadığını və azsaylı xalqların nümayəndələrini müxtəlif layihələrə cəlb edilməli olduğunu vurğulayıb.

Panel zamanı meşələrin qorunmasına, ətraf mühitin mühafizə edilməsinə dair çağırışlar edilib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR