• SOSİAL

    17:46 9 aprel 2019

“ASAN Viza” sistemi ilə çoxdəfəlik elektron viza almaq proseduru müəyyənləşib

“ASAN Viza” sistemi vasitəsi ilə elektron viza almaq üçün tələblər dəyişib.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “ASAN Viza” sistemi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, bundan sonra sistemin istifadəçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdən birdəfəlik elektron vizanın alınması ilə bağlı ictimai təhlükə törədən xəstəliyə tutulub-tutulmadığı barədə məlumat, tutulubsa, həmin xəstəliyin adı barədə məlumat tələb edilməyəcək.

Qüvvədə olan Əsasnaməyə əsasən, Sistemin istifadəçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs birdəfəlik elektron vizanın alınması ilə bağlı birbaşa müraciət etmək üçün Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə sərhədkeçmə sənədinin fotoşəkil olan səhifəsinin skan edilmiş surətini və aşağıdakı məlumatları daxil etməlidir:

- soyadı və digər adları;

- doğum tarixi və yeri;

- cinsi;

- əcnəbi üçün - vətəndaşı olduğu, vətəndaşlığı olmayan şəxs üçün - daimi yaşadığı ölkə;

- sərhədkeçmə sənədinin növü, nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;

- daimi yaşayış ünvanı;

- elektron ünvanı;

- telefon (mobil və ya stasionar) nömrəsi;

- girişlərin sayı;

- səfərin məqsədi;

- Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmə tarixi;

- Azərbaycan Respublikasının ərazisində qalacağı ünvan;

- məşğuliyyəti;

- Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər edib-etməməsi barədə məlumat.

Dəyişikliyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs çoxdəfəlik elektron viza alınması ilə bağlı birbaşa müraciət etmək üçün əlavə olaraq aşağıdakılar barədə məlumatı da sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil etməlidir:

- soyadının və ya digər adlarının dəyişdirilməsi;

- vətəndaşlığının dəyişdirilməsi;

- viza üçün müraciət etdiyi günədək daimi yaşadığı ölkələr;

- ailə vəziyyəti;

- hazırkı iş yeri, vəzifəsi və ixtisası;

- Azərbaycan Respublikasının ərazisində qalacağı ünvanın telefon nömrəsi (mobil və ya stasionar);

- əvvəllər Azərbaycan Respublikasına səfər etməsi;

- əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza alması;

- əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza verilməsindən imtina edilməsi;

- cinayət məsuliyyətinə cəlb edilməsi;

- Azərbaycan Respublikasına dəvət edən tərəfin tam adı, ünvanı və telefon nömrəsi (mobil və ya stasionar);

- son 3 ildə səfər etdiyi xarici ölkələr

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR