• SOSİAL

    16:15 19 mart 2019

"ASAN Xidmət" sədrinə yeni müavin təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Ceyhun Salmanov Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") sədrinin müavini vəzifəsinə təyin olunub.

ONA-nın xəbərinə görə, bu barədə Dövlət Agentliyinin mətbuat katibi Elnur Niftəliyev məlumat yayıb.

Qeyd edək ki, Ceyhun Akif oğlu Salmanov 22 dekabr 1986-cı ildə anadan olub. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ABŞ-ın Corciya Dövlət Universiteti ilə müştərək həyata keçirilən MBA (Biznesin təşkili və idarə edilməsi) istiqaməti üzrə magistr təhsili alıb. Həmçinin 2015-2016-cı illərdə Birləşmiş Krallığın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) İnformasiya sistemləri və rəqəmsal innovasiyaların idarə olunması ixtisası üzrə magistr təhsilini davam etdirib.

2010-2012-ci illərdə Maliyyə Nazirliyi Aparatının Dövlət aparatının maliyyəsi şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 19 noyabr 2012-ci il tarixdən 27 avqust 2013-cü il tarixinədək Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar şöbəsinin Strateji araşdırmalar sektorunun müdiri, 27 avqust 2013-cü il tarixindən isə Dövlət Agentliyinin Elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

20 iyun 2018-ci il tarixindən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidentinin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

İngilis, rus dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR