• SOSİAL

    08:51 15 iyun 2019

Astarada "may balı" yığımında bu il azalma olacaq - FOTO

Hazırda Astara rayonunda 1200 nəfər arıçı, 30000-ə yaxın arı ailəsi var.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, arıçılar bu həftədən etibarən may balını yeşiklərdən yığmağa başlayıblar. Amma bu ilki bal yığımında azalma müşahidə olunur. Səbəb yazın əvvəllərində ağacların çiçəkləmə dövründə havaların yağıntılı keçməsidir.
Bu da istehsalın 25%-ə qədər aşağı düşməsinə gətirib çıxara bilər. Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirovun sözlərinə görə, arıçılar keçən il rayon üzrə 400 tona yaxın bal məhsulu əldə edib, bu il isə istehsalın çəkisi 300 tona yaxın olacaq.


Bal yığımında azalmanın olmasına baxmayaraq, rayonda arı ailələrinin sayı ilbəil artır. Bunun əsas səbəblərindən biri də dövlət tərəfindən hər arı ailəsinə görə 10 manat subsidiyanın verilməsidir. Bu da arıçıların işini daha da yaxşılaşdırmaqla yanaşı, təsərrüfatlarını genişləndirməyə imkan yaradır.


Keçən il 410 nəfərə 12240 arı pətəyinə görə subsidiya verilib. Bu il hazırda 470 nəfər üçün subsidiyalar hazırlanıb komissiyaya təqdim edilib.
Astaralı fermerlərini narahat edən vacib məsələlərdən biri rayonda qablaşdırma sexinin olmamasıdır. Bu onlara məhsullarını satmaqda müəyyən çətinliklər yaradır. Arıçılar istehsal etdikləri məhsulu adətən sifarişlər əsasında satırlar. Balın 1 kiloqramı 20-25 manata təklif edilir. Əgər bu dövrdə alıcılıq və qiymətlər onları qane etməsə, balı qablara yığıb qış fəslində satışa çıxaracaqlar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR