Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) əməkdaşı, tanınmış nevroloq Yeganə Rəşidova Ramazan bayramı münasibətilə Mingəçevir şəhərində ödənişsiz müayinə aksiyası keçirib.
ONA-nın e-tibb.az-a istinadən xəbərinə görə, şəhərdəki “Vital” Tibbi Diaqnostika Mərkəzində keçirilən aksiyada təcrübəli həkim Mingəçevirlə yanaşı, Yevlax, Ağdaş, Göyçay, İsmayıllı və Ağdamdan olan nevroloji problemlərdən əziyyət çəkən xəstələri qəbul edib.
Bazar günü səhərdən axşamadək davam edən müayinələr zamanı sağlamlıq durumunda ciddi problemlər olan xeyli sayda şəxs müayinədən keçib, məsləhətlər alıb, onlara müalicə kursu təyin olunub.
Mütəxəssis Yeganə Rəşidova həyata keçirilən bayram aksiyası ilə bağlı Mingəçeviri təsadüfi seçilmədiyini bildirib: “Bu şəhərdən və ətraf bölgələrdən indiyədək çoxlu sayda pasientim olub. Şükürlər olsun, hamısının da sağlıq durumunu bərpa edə bilmişik. Adətən nəticəsi olan tibbi xidmət el arasında həkimə olan etimadı artırır. Məhz bu səbəbdən də mənə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq müqəddəs ayda maddi durumu zəif olan insanlara təmənnasız tibbi yardım göstərməyi qərara aldım. Öncədən də xahiş etdim ki, qəbul üçün əsasən şəhid ailələri, maddi durumu aşağı olan insanlar, kimsəsizlər müraciət etsin. Hər il çalışdığım klinikada məhz bu dini bayram ərəfəsində belə bir aksiya keçirmişəm, amma bu, bölgədə ilk aksiyadır”.
Həkim deyib ki, aksiyada ən çox boyun fəqərələrində problemi olanlar, panik atak, baş, çiyin ağrıları, beyin pozulmalarından əziyyət çəkənlərlə rastlaşıb.
İndiyədək Yeganə Rəşidovanın müalicəsi əsasında şəfa tapmış şəxslər də aksiyada iştirak edib. Mingəçevir, Yevlax, Ağdaş və Ağdam rayonundan olan bu şəxslərin bir çoxu təkrar müayinəyə gəlib, bir qismi doğmalarını müayinəyə gətirib. Sağaldıqlarına görə, həkimə təşəkkür etmək niyyəti ilə qəbula gələnlər də olub.
Ağdam rayon sakini Minə Səlimova: “Övladım cərrahiyyə əməliyyatı zamanı komaya düşdü. Yeganə xanımın müalicəsi sayəsində cəmi 3 gün ərzində balam yenidən həyata döndü. Ömrüm boyu ona borcluyam”.
Yevlax rayon sakini Xalidə Yaqubova: “Mənim üçün Yeganə Rəşidova ən yaxşı həkim, xilaskardır”.
Mingəçevir şəhər sakini Nahidə Bayramova: “Bu həkimin sorağını eşitmişdim. Gəldim görüşdüm, müayinə etdi. Onunla görüşdən o qədər müsbət təəssürat aldım ki, xəstəliyimi unutdum”.
Ağdaş rayon sakini Şahvəddin Əfsəddinov: “Son iki ay ərzində ölümcül vəziyyətdə olan qızımı yenidən həyata qaytaran Yeganə xanıma ömrüm boyu özümü borclu hesab edirəm”.
Qeyd edək ki, Y. Rəşidova qəbuluna gələn bir çox imkansız xəstəyə təmənnasız olaraq özü ilə gətirdiyi dərman preparatları, bayram hədiyyələri paylayıb.